Bakının Nəsimi və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki, Nəsimi rayonunun C.Məmmədquluzadə küçəsində yeni çəkilmiş diametri 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, eləcə də Binəqədi rayonunun 9-cu mikrorayon Mircəlal küçəsində istismara yararsız diametri 108 millimetrlik qaz xəttinin ləğvi, həmçinin yeni çəkilmiş diametri 225 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar iyulun 27-də saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonunun Tbilisi prospekti və 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Yasamal rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.