"Böyük Yeddilər"(G7) qrupuna daxil olan ölkələrinin liderləri prezident Volodimir Zelenskinin iştirakı ilə Ukraynada baş verən son hadisələri müzakirə edəcəklər.
YeniAvropa xarici KV-ə istinadla xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.
“G7 ölkələri çərşənbə axşamı günü, oktyabrın 11-də saat 14:00-da (Bakı vaxtı ilə 16:00) vəziyyəti videokonfrans formatında müzakirə edəcəklər. Ukrayna dövlətinin başçısı Zelenski videokonfransın başlanğıcında iştirak edəcək”, - deyə Almaniyanın hökumət nümayəndəsi bildirib.
Ötən bazar günü kansler Olaf Şolts ABŞ prezidenti Co Baydenlə telefon söhbəti zamanı Ukraynadakı vəziyyəti müzakirə edib.
Qeyd edək ki, "Böyük Yeddilər" qrupuna Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir.
Bu gün Ukraynanın bütün ərazisində hava həyəcanı elan olunub. Səhər saatlarında Kiyev və digər regionlar, o cümlədən Dnepropetrovsk vilayəti, Odessa və Xarkov şəhərləri rus ordusunun seriyalı raket atəşinə məruz qalıb. Çox sayda insanın həlak olduğu və yaralandığı, səkkiz regiondakı 11 mühüm infrastruktur obyektinin zədələndiyi bildirilir.