logo

İranda zəlzələ nəticəsində 112 kənd tamamilə dağılıb

15:55 06-10-2022 | icon 2275
İranda zəlzələ nəticəsində 112 kənd tamamilə dağılıb

İranın Qərbi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində 112 yaşayış məntəqəsi tamamilə dağılıb. Ümumilikdə 500 yaşayış məntəqəsinə böyük ziyan dəyib.

YeniAvropa xəbər verir ki, bunu Qərbi Azərbaycan valisi Məhəmməd Sadeqi bugünkü müsahibəsində deyib. O bildirib ki, Xoy şəhərinə yaxın olan 12 kənd daha çox dağıntıya məruz qalıb. Bu kəndlərdəki tikililərin 50 faizi yerlə-yeksan olub. Zəlzələ zamanı yaralananların sayı 1127 nəfərə çatıb. Onlardan 113 nəfəri ağır yaralıdır və vilayətin müxtəlif tibb məntəqələrində müalicə alır. Yaralananlardan bəzilərinin cərrahi əməliyyata ehtiyacı olub ki, onların da vəziyyəti sabitdir. Zəlzələ zamanı ölən olmayıb.

Ən çox dağıntıya məruz qalan Xoy, Səlmas və Çaypara şəhərləridir. Dağılan kəndlərdə Fövqəladə Vəziyyətin İdarə Olunması Təşkilatı və Qırmızı Aypara Cəmiyyəti tərəfindən çadırlar qurulub, insanlar ərzaq və paltarla təmin olunub.

Vali nəzərə çatdırıb ki, prezident İbrahim Rəisi zəlzələnin nəticələri ilə maraqlanıb və insanların lazım olan bütün ləvazimatlarla təmin edilməsi barədə tapşırıq verib.

Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün qonşu vilayətlər kömək göstərəcəklər. Əsas məsələ dağılan evləri qeydiyyata alıb ailələri yerləşdirməkdən ibarətdir.

Qeyd edək ki, ötən gün İranın Qərbi Azərbaycan vilayətində 5,4 bal gücündə zəlzələ baş verib