Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, danışıq əsnasında prezident Ərdoğan uzun müddətdir üzərində çalışdıqları Rusiya-Ukrayna əsir mübadiləsinin uğurla başa çatmasından və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə hazırladıqları İstanbul sazişinin fəaliyyətindən məmnunluğunu ifadə edib.
Noyabrda başa çatacaq razılaşmanın uzadılmasının ortaq maraq dairəsi daxilində olduğunu bildirən Türkiyə prezidenti, Rusiya gübrələrinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində də işləri davam etdirdiklərini bildirdi.
Türkiyə prezidenti daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasına ehtiyac olduğunu, Rusiyanın bu prosesi asanlaşdıracaq addımlar atmasının gözlənildiyini bildirib.
Prezident Putindən danışıqlara daha bir şans verilməsini istəyən Rəcəb Tayyib Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.