logo

Ərdoğanla Paşinyan Aİ-nin Praqa sammitində görüşəcək

17:15 29-09-2022 | icon 3647
Ərdoğanla Paşinyan Aİ-nin Praqa sammitində görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqa şəhərində görüş keçirilə bilər.

YeniAvropa xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini, Türkiyə-Ermənistan normallaşma prosesində rəsmi İrəvanın nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan “Azadlıq radiosu”nun erməni dilində redaksiyasına müsahibəsində deyib.

"R.T.Ərdoğan və N.Paşinyan gələn həftə Çex Respublikasının paytaxtında keçiriləcək sammit çərçivəsində görüşə bilərlərmi?" sualına cavab olaraq xüsusi nümayəndə bildirib ki, belə bir görüş mümkündür. O qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə həsr olunan görüş keçirilə bilər və rəsmi İrəvanın bununla bağlı mövqeyində dəyişiklik yoxdur.

R.Rubinyan deyib ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla sonuncu dəfə iyulda görüşüblər. Onun sözlərinə görə, həmin danışıqlarda iki ölkə arasında sərhədlərin açılması, avia yüklərin daşınması üçün birbaşa imkanların yaradılması kimi məsələlərə dair razılıq əldə edilibmiş.

R.Rubinyan xüsusi nümayəndələrin növbəti görüşünün sentyabrın 14-də keçirilməsinin nəzərdə tutulduğunu, lakin Azərbaycan və Ermənistan sərhədində sentyabrın 12-13-də baş verən gərginliyə görə təxirə salındığını söyləyib. Onun sözlərinə görə, növbəti görüşün tarixi hələ məlum deyil.

Qeyd edək ki, oktyabrın 6-7-də Praqada Avropa İttifaqının sammiti keçiriləcək. Türkiyə və Ermənistan liderləri də bu sammitə dəvət olunublar. Bir neçə gün əvvəl Türkiyə prezidenti R.T.Ərdoğan Praqada planlaşdırılan Aİ sammiti çərçivəsində Nikol Paşinyanla görüşməyə hazır olduğunu açıqlamışdı. Ötən gün isə Ermənistan XİN-i belə bir görüşün baş tuta biləcəyini istisna etməyib.