İyulun 25-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov son dövrlər qurum tərəfindən görülən işlər barədə məlumat verib. Sonra Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov tərəfindən “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” qaydalarına dair layihənin təqdimatı keçirilib.
İclasda yeni vəkil qurumlarının təsis edilməsi, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub. Həmçinin vəkillər barəsində başlanılmış 10 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu ilə əlaqədar iki vəkilə töhmət verilib, bir vəkilin fəaliyyəti dayandırılıb. Habelə bir vəkilin Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub. Digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib.
Bundan başqa, iclasda Vəkillər Kollegiyası Rəyasət Heyətinin “Qaynar xətti”nin yaradılması barədə qərar qəbul olunub.