Dünya Bankı Ukraynaya təcili yardım qismində 11 milyard dollar ayırıb.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti Devid Melpas Kaliforniya ştatındakı Stenford Universitetində çıxışı zamanı deyib.
“Dünya Bankı ikitərəfli layihələr və tərəfdaşları sayəsində Ukraynaya 13 milyard dollar təcili maliyyə yardımı səfərbər edib. Eyni zamanda, layihələrimiz və trast fondlarımız vasitəsilə artıq 11 milyard dollar paylanıb”, - deyə Devid Melpas bildirib.
Avqust ayının əvvəlində Dünya Bankı nəzərdə tutulan 13 milyard dollar maliyyə yardımının 6,3 milyard dollardan çoxunun artıq Ukrayna hakimiyyətinə təhvil verildiyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edir.
Ukraynaya isə hərbi və humanitar yardım durmadan artırılır.