Bu ilin 6 ayıda Azərbaycana üz tutan xarici turistlərin sayı 1 milyon 323 min 303 nəfər olub.
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə YeniAvropa-ya bildirib ki, ölkəmizə ən çox turist axını Rusiyadan olub ki, onların da sayı 403 min 549 nəfər təşkil edib. Bundan başqa, Gürcüstandan 279 min 102, İrandan 146 min 480, Türkiyədən isə 142 min 476 nəfər turist ölkəmizə səfər edib. Digər yerləri BƏƏ, Ukrayna, İraq, Qazaxıstan, Küveyt, Birləşmiş Krallıq, İsrail, Hindistan, Pakistan, Türkmənistan, Qətər və başqa ölkələr bölüşür.
K. Quluzadə əlavə edib ki, ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi üçün bir neçə istiqamət üzrə tədbirlər görülür. Bildirib ki, Bakının kommunikasiya və marketing planı hazırlanır və turizm brendi formalaşdırılır. Paytaxtın marketinq strategiyası üzrə də işlər görülür. Xüsusən paytaxtda biznes strukturları ilə əlaqələr daha da genişləndirilir. Hazırda turizm sektorunda bir neçə istiqamət üzrə bazarlar öyrənilir: “Eko və aqro turizmin inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Bundan başqa, bələdçilərin, otel işçilərinin, turizm menecerlərin sayının artırılması nəzərdə tutulub”.