logo

İranda iğtişaşlar zamanı dəyən zərər hesablanır

13:53 24-09-2022 | icon 3136
İranda iğtişaşlar zamanı dəyən zərər hesablanır

Tehranda və digər şəhərlərdə iğtişaşlar zamanı dövlət və xüsusi mülkiyyətə dəyən zərərin hesablanması aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi məlumat verib. O bildirib ki, ictimai mülkiyyətə zərər verənlər və qanunları ayaq altına ataraq sabitliyi pozanlar mütləq cəzalandırılacaq.

İlkin hesablamalara görə, iğtişaşlar zamanı 63 avtobus, 23 yanğınsöndürən və 61 təcili tibbi yardım maşınına ciddi ziyan dəyib. Onlardan bəziləri yandırılıb və tamamilə yararsız vəziyyətə salınıb.

Tehran Yanğınsöndürmə İdarəsinin rəisi Qədrətullah Məhəmməd bildirib ki, iğtişaşlar zamanı şəhərdə xidmət aparan 15 yanğınsöndürən maşın ciddi zərər görüb. Dəyən zərərin miqdarı 15 milyard tüməndir. Bəzi avtomobillərin təmiri mümkün deyil və onlar yeniləri ilə əvəz olunmalıdır.

Tehran meriyasının məlumatına görə, iğtişaşlar zamanı paytaxtın 7 rayonu böyük zərər görüb və yaxın vaxtlarda bu rayonlarda abadlıq işləri aparılacaq.

Rəşt şəhərində isə banklar, ictimai və dövlət binalarının qapı və pəncərələri sındırılıb, dövlət idarələrinə məxsus avtomobillər yandırılıb.

Zərərin hesablanması üçün fəaliyyətə başlayan dövlət komissiyasi daha dəqiq məlumatları ictimaiyyətə təqdim edəcək.