Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
YeniAvropa xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də səhər xalqa müraciətlə çıxış edib. O, Müdafiə Nazirliyinin və Baş Qərargahın təklifi ilə ölkədə qismən hərbi səfərbərlik elan edib.
V.Putinin sözlərinə görə, səfərbərliyə hərbi xidmət keçmiş, hərbi ixtisasa malik və müvafiq təcrübəsi olan şəxslər cəlb olunacaq. Onlar döyüş zonalarına getməzdən əvvəl hazırlıq keçəcək, onlara müqavilə ilə hərbi xidmət keçən hərbçi statusu və pul vəsaiti veriləcək.
Qismən səfərbərlik haqqında Fərman artıq dərc edilib.
Prezident V.Putin çıxışında Qərbin Rusiyanı zəiflətmək, dağıtmaq və məhv etmək məqsədi daşıdığını və bu şəraitdə qabaqlayıcı tədbirlər görmək, xüsusi hərbi əməliyyata başlamağın qaçılmaz olduğunu vurğulayıb.
V.Putin Rusiyanın Donbas, Zaporojye və Xersonda referendumların keçirilməsini dəstəkləyib və bildirib ki, ölkəsi bu referendumların təhlükəsiz şəraitdə baş tutması üçün hər şey edəcək.