Londonda Böyük Britaniya Kraliçası II Elizabetlə ictimai vida mərasimi bazar ertəsi günü başa çatıb.
YeniAvropa Böyük Britaniya mediasına istinadla xəbər verir ki, sentyabrın 19-da yerli vaxtla saat 06:30-da Westminster sarayına (Britaniya parlamentinin Temza çayı sahilində yerləşən bina) giriş bağlanıb.
Britaniyalılar sentyabrın 14-dən etibarən dörd gün ərzində monarxla şəxsən vidalaşmaq imkanı əldə edib. Vida mərasiminə nə qədər insanın gəldiyi hələ açıqlanmasa da, onların sayının yarım milyona çata biləcəyi bildirilir. Kraliça ilə vidalaşmaq istəyənlər 8 saatdan 24 saata qədər növbə gözləməli olub, növbənin özü isə bəzi hallarda icazə verilən 8 kilometrlik məsafəni ötüb.
II Elizabetlə vidalaşmağa gələn məşhurlar arasında sabiq futbolçu Devid Bekhem, musiqiçi Ceyms Blant və sabiq daxili işlər naziri Priti Patel də olub. Yüksək səviyyəli qonaqlar, həmçinin bu günlərdə Londona səfər edən onlarla dövlət başçısı üçün növbəsiz giriş təşkil edilib.
Kraliçanın tabutu yerli vaxtla saat 10:35-ə (Bakı vaxtı ilə 13:35) qədər Westminster sarayında qalacaq, sonra Westminster Abbatlığında anım mərasimi keçiriləcək və monarxın cənazəsi London yaxınlığındakı Vindzor qəsrinə aparılaraq yerli vaxtla saat 19:30-da dəfn olunacaq.
Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət - 70 il yeddi ay taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.