Nabrandakı istirahət mərkəzlərinin birində itkin düşən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu sağ-salamat tapılaraq ailəsinə verilib.
YeniAvropa xəbər verir ki, Bakı şəhər sakini olan 3 yaşlı İsmayıl Novruzov iyulun 22-də günorta saatlarında itkin düşmüşdü. Axtarışlar zamanı İ.Novruzov itkin düşdüyü yerdən təxminən iki kilometr aralıda, istirahət mərkəzinin yaxınlığındakı çay dərəsində aşkarlanıb.
Ailənin tək övladı olan İsmayıl Novruzovun valideynlərinin sözlərinə görə, meşəlik ərazidə yerləşən istirahət mərkəzində dincələn zaman uşağın yanlarında olmadığını görüblər. Ətrafa baxış zamanı İ.Novruzov tapılmayıb. Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib.
Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.
Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılırıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak ediblər.