Özbəkistanın sabiq prezidenti İslam Kərimovun böyük qızı Gülnarənin Moskvadakı daşınmaz əmlakının satışından əldə edilən vəsait Daşkənd və Moskva arasında bölünəcək.
YeniAvropa Özbəkistan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin ədliyyə nazirinin müavini Muzraf İkramov deyib.
“Gülnarə Kərimovanın Moskvada yerləşən altı mənzili müsadirə edilib. Şəhər məhkəməsinin qərarına əsasən, əldə edilən vəsait Özbəkistan və Rusiya tərəfindən bərabər istifadə olunacaq”, - deyə Muzraf İkramov jurnalistlərə bildirib.
2020-ci ildə Moskva məhkəməsi Özbəkistan tərəfinin Gülnarə Kərimovaya qarşı çıxardığı hökmləri tanıyıb. Bununla bağlı müsadirə edilən əmlakın satılmasından əldə edilən vəsaitin Özbəkistana qaytarılması üzrə tədbirlər başlayıb. Eyni zamanda, Fransa Gülnarə Kərimovanın 10 milyon dollarlıq aktivini Özbəkistana təhvil verib. 2021-ci ilin yanvarında İsveçrə sabiq Prezidentin qızına qarşı cinayət işi çərçivəsində 70 incəsənət əşyasının Daşkəndə qaytarmaq niyyətində olduğunu açıqlayıb.
Xatırladaq ki, 2015-ci ilin avqust ayında Gülnarə Kərimova hədə-qorxu ilə pul tələb etmək və vergidən yayınmaq ittihamı üzrə təqsirli bilinib. 2017-ci il dekabrın 18-də isə o, digər cinayət işi üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda Özbəkistanın Baş Prokurorluğu və Ədliyyə Nazirliyi Gülnarə Kərimovanın aktivlərinin qaytarılması məsələsi ilə bağlı bir sıra xarici dövlətlərlə, o cümlədən ABŞ, İsveçrə, Fransa, Rusiya və Latviya ilə iş aparır.