logo

“Türk Hava Yolları” UEFA Çempionlar Liqasının rəsmi sponsoru olub

12:32 05-09-2022 | icon 1323
“Türk Hava Yolları” UEFA Çempionlar Liqasının rəsmi sponsoru olub

“Türk Hava Yolları” (THY) aviaşirkəti final oyunu 2023-cü ildə İstanbulda keçiriləcək UEFA Çempionlar Liqasının rəsmi sponsoru olub.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin rəsmiləri açıqlama yayıblar.

Bildirilib ki, Türkiyə idman tarixinin ən mühüm sponsorluqlarından biri olan bu əməkdaşlıq həm də UEFA Çempionlar Liqasının finalının 2023-cü il iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməsi ilə xüsusi əhəmiyyət kəsb edir. Çempionlar Liqası mövsüm boyu 200 ölkədə 70-dən çox yayım şirkəti tərəfindən 678 milyon izləyiciyə çatdırılır.

“Türk Hava Yolları”nın UEFA Çempionlar Liqasına sponsorluğu ilə bağlı rəsmi mərasim THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri professor Ahmet Bolat, şirkətin yüksək vəzifəli rəsmiləri, Avropa Futbol Assosiasiyaları Birliyinin prezidenti Aleksandr Çeferin və UEFA-nın marketinq direktoru Qay-Laurent Epstein iştirakı ilə İstanbulun Haliç Konqres Mərkəzində baş tutub.

Tədbirlə bağlı açıqlama verən professor Ahmet Bolat deyib: “Ölkəmizin bayraqdar aviaşirkəti olaraq dünyanın ən böyük idman turnirlərindən biri olan UEFA Çempionlar Liqasına sponsorluq etdiyimiz üçün məmnunuq. Bu sponsorluqla “Türk Hava Yolları” brendini mövsüm boyu dünyanın hər yerində təbliğ edəcək və 2023-cü il iyunun 10-da İstanbulda bütün dünyanı bir araya gətirəcəyik. Biz müxtəlif mədəniyyətləri bir araya gətirən idmanın birləşdirici gücünə inanırıq və dünyanın mühüm idman tədbirlərində iştirakımızın davamlı olmasını hədəfləyirik”.

Qeyd edək ki, THY bununla dünyada UEFA Çempionlar Liqasına sponsorluq edən ilk aviaşirkət olub.