Qazaxıstan hakimiyyəti yanvar iğtişaşlarının iştirakçılarına birdəfəlik amnistiya tətbiq edəcək, lakin bu, ağır cinayət törətmiş şəxslərə şamil olunmayacaq.
YeniAvropa "Kazinform" agentliyinə istinadla xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sentyabrın 1-də xalqa müraciətində bildirib.
“Dövlət artıq yanvar hadisələrində ciddi cinayət törətməyənlərin cəzalarını yüngülləşdirib. Qaydaları pozanların bir çoxu öz təqsirini anlayıb və etdiklərindən peşmandır. Düşünürəm ki, onlar ikinci şansa layiqdirlər. Buna görə də mən yanvar hadisələrinin iştirakçılarına birdəfəlik amnistiya elan etməyi qərara almışam. Əlbəttə, amnistiya iğtişaşların təşkilində əli olan əsas fiqurlara, habelə dövlətə xəyanətdə və hakimiyyətin zorakılıqla dəyişdirilməsi cəhdində ittiham olunanlara aid edilməyəcək”, - deyə Prezident qeyd edib.
Dövlət başçısı, həmçinin dövlət quruluşunu sarsıtmaq çağırışlarına görə cəzaları sərtləşdirmək məsələsini işləyib hazırlamağı tapşırıb.
Xatırladaq ki, yanvarın əvvəllərində Qazaxıstanda dövlət və hökumət binalarına, polis və hərbçilərə hücumlarla müşayiət olunan kütləvi iğtişaşlar baş verib. Rəsmi məlumatlara əsasən, bu hadisələr nəticəsində 238 nəfər həlak olub, 4,5 mindən çox insan yaralanıb