Ciddədə ABŞ prezidenti Cozef Baydenin iştirakı ilə Körfəzin Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının altı ölkəsi, həmçinin İraq, Misir və İordaniya liderlərinin sammiti keçirilib.
YeniAvropa xəbər verir ki, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sədrlik etdiyi sammitdə çıxış edən Cozef Bayden ərzaq təhlükəsizliyi məqsədilə Yaxın Şərq və Afrika ölkələrinə 1 milyard dollar yardım ayrılacağını bildirib. O əlavə edib ki, ABŞ administrasiyası bütün ərəb dünyası ilə daha sıx əməkdaşlıqda maraqlıdır və onların təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə hazırdır. Prezident C.Bayden qeyd edib ki, Körfəzin ərəb ölkələri qlobal enerji bazarında sabitliyi təmin etmək üçün xam neft hasilatını artırmalıdır. O, həmçinin Körfəzdə naviqasiyanın təhlükəsizliyi məsələsinin də Vaşinqtonun diqqət mərkəzində olduğunu deyib.
Sammitdə çıxış edən ərəb ölkələrinin liderləri – Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani, İordaniya kralı II Abdulla, Bəhreyn kralı Həməd bin İsa Al Xəlifə, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan, İraqın baş naziri Mustafa Əl-Kazımi qlobal enerji sabitliyi, Yaxın Şərqin qaynar nöqtələrində - Yəmən, Liviya və Suriyada sabitliyin təmin edilməsi, Ukraynada müharibə nəticəsində yaranmış qlobal ərzaq böhranı, terrorizm və ekstremizmə qarşı mübarizə, Fələstin probleminin həlli və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, ABŞ administrasiyası ilə daha sıx əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.