logo

Ötən 6 ayda Azərbaycana 189 ölkədən 1,3 milyon turist gəlib

16:50 17-07-2018 | icon 2891
Ötən 6 ayda Azərbaycana 189 ölkədən 1,3 milyon turist gəlib

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68,5 faizini kişilər, 31,5 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 14,1 faizi yanvar, 12,5 faizi fevral, 20,9 faizi mart, 16,5 faizi aprel, 15,7 faizi may, 20,3 faizi isə iyun ayında ölkəyə gəlib.

Yarım ildə Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 44,3 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8 faiz artıb. İrandan gələnlərin sayında 18,8 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9 faiz artaraq 276,6 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər 5 nəfərindən 1-i Körfəz ölkələrindən olub.

Yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,3 faiz artaraq 53,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,5 faiz artaraq 478,3 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.