Finlandiya və İsveçin xarici işlər nazirləri Pekka Haavisto və Ann Linde, həmçinin NATO üzvü olan 30 ölkənin səfirləri blokun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə hər iki ölkənin alyansa daxil olması barədə protokolları imzalayıblar.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, NATO-ya üzv dövlətlər sənədləri ratifikasiya edildikdən sonra Finlandiya və İsveç alyansa üzv ola biləcək.
Finlandiya və İsveçin xarici işlər nazirləri NATO ölkələrinə təşəkkür edərək, sənədlərin tezliklə ratifikasiya olunacağına ümidvar olduqlarını bildirib və alyansın inkişafına töhfə verəcəklərini vəd ediblər. İyulun 4-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün danışıqları birinci raundda başa çatdırıblar ki, bu da alyansın tarixində rekord göstəricidir. Adətən danışıqlar prosesi illərlə uzanır.
Hər iki ölkə NATO-ya qəbul olunmaq üçün mayın 18-də alyansa rəsmən müraciət edib. Lakin Türkiyənin vetosu bu prosesi bir müddət ləngidib. İyunun 28-də Madriddə Şimali Atlantika Alyansının sammiti ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistyö, İsveçin baş naziri Maqdalena Anderson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar baş tutub. Danışıqların nəticələrinə əsasən, Stokholm və Helsinkinin alyansa üzv olmasına icazə verən, Ankaranın silah satışı və terrorizmlə mübarizə ilə bağlı narahatlığının nəzərə alındığı memorandum imzalanıb.
Madrid sammitindən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın yaxın vaxtlarda 40 ədəd modernizə edilmiş F-16 qırıcı təyyarəsinin tədarükü ilə bağlı ABŞ-dan qərar gözlədiyini bildirib