Qadın həndbolçular arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının iyunun 29-da birinci təsnifat mərhələsinin püşkü atılacaq.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Avstriyanın paytaxtı Vyanada keçiriləcək mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olacaq.
Avropa çempionatına vəsiqə qazana bilməyən 18 komanda püşkatmadan əvvəl 2 səbətə bölünüb. Bu raundda 9 cütlük pley-offa yüksəlmək üçün 2 oyundan ibarət görüşlər keçirəcək.
Azərbaycan millisi ilə yanaşı, ikinci səbətdə Kosovo, İsrail, Finlandiya, Lüksemburq, Bosniya və Herseqovina, Bolqarıstan, Böyük Britaniya və Latviya yığmaları da yer alıblar. Avstriya, Slovakiya, İslandiya, Türkiyə, Ukrayna, Farer adaları, Portuqaliya, Yunanıstan və İtaliya seçmələri isə birinci səbətdə qərarlaşıblar.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin matçları noyabrın 2-3-də və 5-6-da keçiriləcək.