Ukraynadakı vəziyyət və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların nəticələri "Böyük Yeddilik"(G7) ölkələri liderlərinin sammitinin əsas mövzusu olacaq.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, iyunun 26-da başlayacaq görüş zamanı xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri müzakirə olunacaq.
Almaniya hökumətində olan mənbənin məlumatına görə, Ukrayna ətrafında yaranmış vəziyyət, o cümlədən Rusiya əleyhinə sanksiyalar, enerji məsələləri və neft embarqosu söhbətin əsas mövzuları olacaq. "G7" liderləri Ukraynaya maliyyə yardımının ayrılması məsələsini ayrıca müzakirə edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenskinin iyunun 27-də video əlaqə vasitəsilə sammitə qoşulması gözlənilir.
"Böyük Yeddilik" Qrupu ölkələri liderlərinin görüşü iyunun 26-28-də Almaniyanın cənubunda yerləşən Bavariya federal əyalətindəki Elmau qəsrində keçiriləcək. Almaniya 2015-ci ildə də həmin qəsrdə "G7" sammitinə ev sahibliyi etmişdi.
"G7" Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birliyidir. Qrupun əsas məqsədi siyasi və sosial problemlərin həlli yollarını tapmaqdır. 1976-cı ilə G7 formatında qurulan təşkilat 1997-ci ildə Rusiyanın ona qoşulması ilə G8 kimi tanınıb. 2014-cü ilin martında Ukraynadakı vəziyyətlə bağlı Rusiya-Qərb münasibətlərində yaranan böhranla əlaqədar yenidən G7 formatına qayıtmaq qərara alınıb.