logo

Mərkəzi Zabitlər Evində “Mənim dünyam” adlı bədii yaradıcılıq sərgisi təşkil olunub

13:42 02-12-2017 | icon 1820
Mərkəzi Zabitlər Evində “Mənim dünyam” adlı bədii yaradıcılıq sərgisi təşkil olunub

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində hərbi qulluqçuların və ailə üzvlərinin xüsusi istedad və bacarıqlarının nümayiş etdirilməsi, hərbi kollektivdə milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılması məqsədilə əl işlərindən ibarət “Mənim dünyam” adlı bədii yaradıcılıq sərgisi təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər sərginin hərbçilərin dünyagörüşlərinin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Sərgi rəngkarlıq, heykəltəraşlıq, dekorativ tətbiqi sənət, qrafika, keramika, bədii toxuculuq (tikiş, naxış), maket və digər əl işləri üzrə sahələri əhatə edib.

Tədbir iştirakçıları Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin təqdim etdiyi maraqlı konsert proqramının müşayiəti ilə sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Sonda sərgidə əsərləri nümayiş olunan iştirakçılara fəxri fərmanlar təqdim olunub.