logo

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

20:02 14-07-2018 | icon 2324
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

İyulun 14-də Daxili İşlər Nazirliyində (DİN) 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər iclasda əvvəlcə iyulun 10-da radikal dini yönümlü bir qrup ekstremistin Gəncədə ictimai asayişin kobud şəkildə pozulması cəhdinin qarşısı alınan zaman xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş polis zabitləri İlqar Balakişiyevin və Səməd Abbasovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclasda çıxış edərək əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin bu ilin altı ayında daha da inkişaf etdirildiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını, ölkəmizdə keçirilmiş prezident seçkiləri dövründə, eləcə də Formula 1 Azərbaycan Qran-Prisi zamanı ictimai asayişin və təhlükəsizliyin təmini vəzifələrinin və qarşıya qoyulmuş tapşırıqların layiqincə yerinə yetirildiyini bildirib. Ramil Usubov dövlət başçısı İlham Əliyevin Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrikdə cinayətkarlıqla mübarizədə, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində polisin rolunu yüksək qiymətləndirdiyini məmnunluqla xatırladıb.

Eyni zamanda, iyulun 3-də Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması və ictimai təhlükəsizliyin təmini istiqamətində daxili işlər orqanlarının fəaliyyətinin dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub.

İclasda geniş məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 12 min 844 cinayətin qeydə alındığını, bu cinayətlərin 93,8 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olduğunu, onların 89,4 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10,6 faizinin ağır və xüsusilə ağır növlər təşkil etdiyini bildirib.

Qeyd olunub ki, profilaktik işin gücləndirilməsinin, kriminogen durumun fasiləsiz izlənilməsinin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət təmayüllər ötən altı ayda daha da yaxşılaşıb. Belə ki, cinayətlərin sayı 3,4 faiz, o cümlədən ağır və xüsusilə ağır növlər 28,6, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,9, mülkiyyət əleyhinə olan cinayətlər 14, onlardan oğurluqlar 7,1, quldurluqlar 12,7, yol-nəqliyyat hadisələri 5, qəzalarda həlak olanların sayı isə 1,3, xəsarət alanların sayı isə 8,3 faiz azalıb.

Kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə hesabat dövründə cinayətlərin açılması yaxşılaşaraq 86,4 faiz təşkil edib. O cümlədən, 2017-ci ilin 6 ayı ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin açılması 2,1, şəxsiyyət əleyhinə olanların açılması 0,6, adam öldürməyə cəhdlərin açılması 1,8, mənzillərdən edilən oğurluqların açılması 2,6, avtonəqliyyatın qaçırılması cinayətlərinin açılması 12,8 faiz artıb. Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188 cinayət açılıb.

Bildirilib ki, hüquqazidd əməllərin profilaktikasında və cinayətkarlıqla mübarizədə informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən danışan nazirin birinci müavini bildirib ki, “102 - Zəng Mərkəzi” Xidmətinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 967 cinayət “isti izlər”lə açılıb, 5153 hüquqazidd əməlin qarşısı alınıb, 1993 cinayət işi başlanılıb. Həmçinin “Təhlükəsiz Şəhər” xidmətinin imkanları ilə 248 cinayət açılıb, 9413 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 246 hadisə aşkarlanıb, axtarışda olan 52 avtomobil saxlanılıb.

Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb. Bütövlükdə axtarış işinin nəticələri 2 faiz yaxşılaşaraq 57,4 faiz təşkil edib.

Məruzəçi bildirib ki, altı ayda mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 441, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə qarşı mübarizə tədbirləri səmərəli olmaqla, bu sahədə müəyyənləşdirilən 1708, o cümlədən satışla bağlı olan 525 fakt üzrə cinayətkarlardan 734,4 kiloqram narkotik vasitə götürülüb. Bu, ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çoxdur. Xüsusi plan əsasında cari ilin mayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlərin ardıcıl davam etdirildiyi, 105 insan alveri cinayətinin müəyyən olunduğu, 18 nəfərdən ibarət 8 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 17 nəfərin məhkəmə məsuliyyətinə cəlb olunduğu, habelə insan alverinin qurbanı olmuş 66 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edildiyi diqqətə çatdırılıb.

Polis general-leytenantı V.Eyvazov deyib ki, istintaq zamanı dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi 14,6 faiz yaxşılaşaraq 88,3 faiz təşkil edib.

Diqqətə çatdırılıb ki, fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində davam etdirilən qabaqlayıcı tədbirlər sayəsində yol-nəqliyyat hadisələrinin dinamikasında əvvəlki illərin müsbət təmayülləri qorunub saxlanılıb. Yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması 4,1 faiz yaxşılaşaraq 1 milyon 619 min 718 inzibati xəta təşkil edib.

Polisin mühafizə qurumları tərəfindən 16 min 201 obyektin, o cümlədən 6591 mənzil qorunduğu, mərkəzi mühafizə məntəqələrinə qoşulmuş obyektlərin sayının ötən 6 ayda bir qədər də artdığı bildirilib. Həmin obyektlərdə 128 oğurluq hadisəsinin qarşısı alınmaqla 52 şəxsin, habelə xidməti marşrutlarda 88 digər cinayət törətmiş 98 nəfərin yaxalandığı qeyd olunub.

Məruzədə Daxili Qoşunlarda xidməti-döyüş hazırlığının yüksəldilməsi, səfərbərliyin təşkili hərbi intizamın möhkəmləndirilməsi, maddi-texniki təchizatın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin planlı şəkildə davam etdirildiyi də diqqətə çatdırılıb.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində Azərbaycan Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin və zəruri təşkilati-əməli tədbirlərin daxili işlər nazirinin şəxsi nəzarəti altında cari ilin birinci yarısında da icra edildiyi qeyd olunub. Nazirliyin rəhbərliyi tərəfindən 805, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın ayrı-ayrı şəhər və rayonlarında 156 vətəndaşın qəbulunun həyata keçirildiyi, qaldırılan məsələlərin əksəriyyətinin müsbət həllini tapdığı, DİN-ə daxil olan şikayətlərin sayının 18,4 faiz azaldığı vurğulanıb.

Məruzə ətrafındakı çıxışlarda ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Daxili işlər naziri hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlıqları ilə fərqləndiyini, eləcə də digər hüquq mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Sonra Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə bir qrup polis əməkdaşının və iyulun 10-da Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş 2 polis zabitinin (ölümündən sonra) təltif edildikləri dövlət mükafatlarının təntənəli şəkildə təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.

Nazir xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş iki zabitin - İlqar Balakişiyevin və Səməd Abbasovun təltif edildikləri “Azərbaycan Bayrağı” ordenlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərhumların övladlarına təqdim edib, onlara atalarının qəhrəmanlıq yolunu gələcəkdə davam etdirməyi, Vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb.

Daha sonra Azərbaycan Polisinin 100 illik yubileyi ərəfəsində dövlətimizin başçısının təltif etdiyi bir qrup əməkdaşa yüksək mükafatlar təqdim olunub.

Ramil Usubov şəxsi heyətin gərgin və fədakar əməyini hər zaman yüksək qiymətləndirdiyinə, xüsusən iyulun 10-da Gəncədə qəhrəmanlıqla həlak olmuş 2 əməkdaşı təltif etdiyinə görə Prezident İlham Əliyevə bir daha dərin təşəkkürünü bildirib. Nazir bu ali diqqət və qayğının daxili işlər orqanlarının bütün əməkdaşlarının ruh yüksəkliyinə səbəb olduğunu, onların üzərinə əlavə məsuliyyət qoyduğunu vurğulayıb, bütövlükdə Azərbaycan Polisinin qarşıya qoyulmuş istənilən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə, Vətənə, xalqa və Prezidentə bundan sonra da sədaqətlə xidmət edəcəyinə əminliyini bildirib.