Salome Zurabişvili gürcüləri mitinqə çağırdı:Avropa Parlamentinin qətnaməsinə görə
Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə mitinq elan edib və əhalini mitinqə dəvət edib. O mitinqin iyunun 15-də saat 19:00-da Avropa Meydanında keçiriləcəyini bəyan edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu bəyanatla prezident Salome Zurabişvili iyunun 14-də axşam keçirdiyi brinfinqdə çıxış edib.
Onun sözlərinə görə, Avropa Parlementində təmsil olunan partiyalarla lazımi iş aparılmayıb. Bu səbəbdən Gürcüstanla əlaqədar iyunun 9-da yanlış qətnamə qəbul olunub. Buna görə də cəmiyyətdə çaşqınlıq yaratmaq olmaz. Avropa əleyhinə bəyanatların səsləndirilməsi səhlənkarlıqların ört-basdır edilməsinə cəhddir.
Prezident deyib: “Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə Gürcüstanın sağlam qüvvələrinin fəaliyyətsizliyinin nəticəsidir. Biz hamılıqla aksiyaya toplaşmaqla Avropaya öz birliyimizi göstərmiş olacağıq”.
S.Zurabişvili, həmçinin qeyd edib ki, ölkə “Assosiasiyalı trio” ölkələri - Gürcüstan, Ukrayna və Moldova arasında liderlikdən sonuncu yerə enib.
Qeyd edək ki, iyunun 9-da Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib.
Sənəddə Gürcüstanda medianın vəziyyətinin pisləşməsi, jurnalistlərə qarşı hədə-qorxu, zorakılıq və təqib hallarından narahatlıq ifadə olunub.
Eyni zamanda, sənəddə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının təsisçisi, ölkənin keçmiş Baş naziri (2012-2013) Bidzina İvanişviliyə sanksiyaların tətbiqinə çağırış da yer alıb.