"Türkiyədə erkən prezident və parlament seçkiləri olmayacaq".
YeniAvropa "Habertürk"ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib.
"Noyabr ayında növbədənkənar seçki olmayacaq. Seçki gələn ilin iyun ayında keçiriləcək. Özünü ora hazırlayın", - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, iyunun 4-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası(AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Xalq Alyansının namizədi kimi irəli sürüb. Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Xalq Alyansı hakim blokuna AKP və Milliyyətçi Hərəkat Partiyası daxildir.
Bu arada müxalifət partiyaları hələlik öz namizədlərini açıqlamayıblar. Altı müxalifət partiyasının bloku növbədənkənar seçkilərin keçirilməsində israrlıdır.