logo

Avropa Komissiyasının sədri Kiyevə gəlib

14:54 11-06-2022 | icon 2800
Avropa Komissiyasının sədri Kiyevə gəlib

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna prezidenti Volodimir Zelenski ilə ölkənin bərpa və Avropaya inteqrasiya məsələlərini müzakirə etmək üçün Kiyevə gəlib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Ursula fon der Lyayen bu barədə tviter səhifəsində məlumat paylaşıb. “Prezident Zelenski ilə birlikdə Ukraynanın bərpası üzrə birgə fəaliyyətimizin nəticələrini nəzərdən keçirəcəyik və Kiyevin Avropa yolunda əldə etdiyi irəliləyişi dəyərləndirəcəyik”, - deyə Avropa Komissiyasının rəhbəri yazıb.

Ursula fon der Lyayenin Kiyevə səfəri Ukraynaya Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı məsələnin müzakirəsi ərəfəsində baş tutub. Bu mövzu üzrə diskussiyalar iyunun 17-də keçiriləcək.

Qeyd edək ki, Avropa İttifaqına qəbul uzun sürən prosesdir və bir neçə il çəkə bilər. Buna ən tez nail olan Finlandiya Aİ üzvlüyünə üç ildən sonra qəbul edilib. Türkiyə isə 2005-ci ilin payızında ittifaqa daxil olmaq üzrə danışıqlara başlasa da, bunun həlli perspektivi hələ də görünmür. Avropa Komissiyası müharibə şəraitində olan Ukraynaya tez bir zamanda namizəd statusunun verilməsi təşəbbüsünü irəli sürüb. Bundan dərhal sonra Moldova və Gürcüstan da analoji tələblə çıxış edib.