logo

Aİ liderləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər

12:12 30-05-2022 | icon 3136
Aİ liderləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Brüsseldə Aİ Liderlər Sammiti keçiriləcək.

YeniAvropa xəbər verir ki, iki günlük sammitdə Aİ liderləri Rusiya-Ukrayna gərginliyi, Ukraynaya dəstək, Rusiyaya qarşı yeni sanksiyalar, enerji, ərzaq təhlükəsizliyi və müdafiə kimi mövzuların müzakirəsi nəzərdə tutulur.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin iştirak edəcəyi sammitə Ukrayna prezidenti Volodimir Zelenski videokonfrans vasitəsilə qoşulacaq. Liderlər Ukraynaya veriləcək humanitar və iqtisadi dəstək, ölkənin yenidən qurulması kimi müxtəlif məsələlərə dair fikir mübadiləsi aparacaqlar. Ukraynanın qısa müddətdə ehtiyac duyduğu maliyyəyə çıxışını təmin etmək üçün Avropa Komissiyasının 9 milyard avroyadək yeni makromaliyyə yardımı təklifi nəzərdən keçiriləcək.

Sammitdə Aİ-nin Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdığı 6-cı sanksiyalar paketi, yüksək enerji qiymətləri, qida təhlükəsizliyi və qitədə müdafiə ilə bağlı məsələlər müzakirə olunacaq.