İrəvandakı Mariot otelinin binasında baş nazir Nikol Paşinyanın iştirakı ilə keçirilən erməni forumu zamanı baş nazirin mühafizəçiləri ilə salona girmək istəyən müxalif deputatlar arasında toqquşma olub.
YeniAvropa xəbər verir ki, Ermənistan mediasında yayılan məlumata görə, müxalifətçilər polislərlə danışıqlardan sonra mehmanxanaya daxil olublar. Mühafizə onları salona buraxmayıb və bu zaman qarşıdurma baş verib. Deputatlar ingilis dilində “Ayıbdır!” və “Nikolsuz Ermənistan!” – deyə qışqırıblar.
Bu gün səhər İrəvanda hökumət əleyhinə növbəti etiraz aksiyaları başlayıb. Mariot otelinin qarşısına müxalifətin yüzlərlə tərəfdarı toplaşıb. Onlar ABŞ səfiri Lin Treysinin forumda iştirakına qarşı çıxıb, onu “diktator rejimini” dəstəkləməkdə təqsirləndiriblər.
Bundan əvvəl isə müxalifətçilər Litva prezidenti Gitanas Nausedanı qəbul edən prezident Vaaqna Xaçaturyanın iqamətgahı önündə aksiya keçiriblər. Prezidentlər binaya girən zaman onları fitə basan etirazçılar bildiriblər ki, Paşinyan hökumətinin erməni xalqının maraqlarını təqdim etmək hüququ yoxdur.