Mayın 19-u Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü kimi milli bayram səviyyəsində qeyd olunur. Türkiyədə milli qurtuluş mübarizəsinin başlanması ilə əlaqədar təsis edilən bu bayram münasibətilə ölkədə ümumi tətil elan olunub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram münasibətilə ölkə gənclərinin nümayəndələri və görkəmli gənc idmançılarla görüşü nəzərdə tutulub.
Dövlət başçısı, ali hakimiyyət orqanlarının rəhbərləri, eləcə də siyasi partiya liderləri bayram münasibətilə ölkə ictimaiyyətinə təbrik ünvanlayıblar. Müraciətlərdə ulu öndər Atatürkün tarixi missiyasının əbədiyyətə qədər qəhrəman türk xalqının qəlbində silinməz izlər buraxdığı ifadə olunub.
Gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlunun rəhbərliyi ilə ölkə gənclərini təmsil edən geniş heyət Anıtqəbirə gələrək Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.
Anıtqəbir önünə əklil qoyulub, Türkiyənin dövlət himni ifa edilib, xatirə dəftərinə ürək sözləri yazılıb.
Anıtqəbir-muzey kompleksində növbəti dəfə Atatürkə tükənməz sevgi və məhəbbəti ehtiva edən izdiham yaşanır.
Xatırladaq ki, Qazi Mustafa Kamal Paşa silahdaşları ilə birlikdə 1919-cu il mayın 19-da Samsun sahillərinə çıxaraq qədim türk yurdunun qurtuluş mübarizəsinə başlayıb. Bu qurtuluşun başlanğıcı Türkiyə xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılan unudulmaz səhifələrdəndir.