logo

İndiyədək "Neft Daşları"ndan 170 milyon ton neft hasil edilib

15:43 10-07-2018 | icon 2618
İndiyədək "Neft Daşları"ndan 170 milyon ton neft hasil edilib

"Neft Daşları"ndan indiyədək 170 milyon ton neft hasil olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.Onun sözlərinə görə, həmin neft həcmlərinin hasil edilməsi üçün laylara 270 milyon kubmetr su vurulub.

Qeyd edək ki, ötən il SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) “Neft Daşları” neft və qazçıxarma idarəsində (NQÇİ) 1 milyon tondan çox neft hasil edilib.

1949-cu il noyabrın 7-də dünyanın səkkizinci möcüzəsi adlandırılan əfsanəvi "Neft Daşları"nda 942 metr dərinliyi olan ilk quyudan neftin fontan vurması ilə Azərbaycan dünyada ilk dəfə açıq dənizdə neft hasil edən ölkə kimi adını tarixə yazdırıb. 1951-ci ilin fevralında "Neft Daşlar"ından neftlə dolu ilk tanker yola salınıb. Həmin il estakada və meydançaların tikilməsinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış obyektlərinin inşasına başlanılıb.

"Neft Daşları" bünövrəsi 1947-ci ildə qoyulan dünyada ilk neft platformasıdır. O hazırda şəhər tipli qəsəbə olaraq Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizinın səthindən azacıq qalxan “Qara qayalar”ın ətrafında tikilib. Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə yerləşən Neft Daşları Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb. 1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən olan “Dünya kifayət deyil” (“The World Is Not Enough”) filminin bəzi kadrları məhz Neft Daşlarında lentə alınıb.