Sinoptiklər anomal istilərlə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya bildiriblər ki, iyulun 11-dən 13-dək ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43°, dağlıq rayonlarda isə 28-33°-yə yüksələcəyi proqnozlaşdırılır.
İyulun 11-12-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-40° isti olacağı bildirilir. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək uzun müddət Günəş şüalarının birbaşa təsiri altında olmaq risklidir. Günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etmək tövsiyə olunur.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.