logo

Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

11:54 27-12-2017 | icon 1981
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Kiyev şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

YeniAvropa xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ukraynanın dövlət və hökumət rəsmiləri, Ali Radanın deputatları, diplomatik korpusun nümayəndələri və diaspor fəalları iştirak ediblər.

Tədbirdən əvvəl Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin 2017-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib. Konqresin 23 vilayət təşkilatı sədrlərinin iştirak etdiyi konfransda qurumun cari ildə həyata keçirdiyi tədbirlər və Odessa Azərbaycanlıları Konqresi tərəfindən təqdim olunmuş yeni fəaliyyət proqramı müzakirə edilib.

Sonra Prezident mehmanxanasının ziyafət salonunda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Prezident İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı təbrik məktubu oxunub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev 26 il bundan əvvəl dövlət müstəqilliyini bərpa edən Azərbaycanın beynəlxalq arenada əldə etdiyi yüksək nailiyyətlərdən söz açıb. Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və dünya azərbaycanlılarının vahid məfkurə ətrafında birləşməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışan diaspor təşkilatının sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm iqtisadi, sosial islahatlardan bəhs edib. O, Azərbaycanla Ukrayna arasında mövcud olan strateji müttəfiqlik münasibətlərini müstəqillik tariximizin uğuru kimi dəyərləndirib.

Tədbirdə Ukraynanın 3-cü Prezidenti Viktor Yuşşenko, sabiq xarici işlər naziri, Ali Radanın deputatı Leonid Kojara, Avrasiya Yəhudi Konqresinin sədri Yosef Zisels, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov və digər şəxslər müstəqillik tariximizin uğurlarından bəhs edərək, dost Azərbaycan və Ukrayna xalqlarına sülh və əmin-amanlıq arzularını çatdırıblar. Bildirilib ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib, beynəlxalq layihələrin müəllifidir. Azərbaycanın diaspor fəalları Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Tədbirdə diasporumuzun inkişafındakı xidmətlərinə görə Konqresin bir sıra vilayət təşkilatlarının sədrlərinə Azərbaycanın Ukraynadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəxri fərmanları təqdim olunub. Bayram şənliyinin iştirakçıları Ukraynanın Xalq Artisti Qurban Abbasovun ifasında musiqilər dinləyiblər.