İyulun 6-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.
Fonddan YeniAvropa-ya bildirilib ki, Azərbaycanın Baş naziri Novruz Məmmədov Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.
İclasda Dövlət Neft Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2017-ci il büdcəsinin icrası və fondun 2018-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.
Müşahidə Şurası ARDNF-in icraçı direktorunun təqdim etdiyi fondun 2017-ci ildə fəaliyyəti haqqında illik hesabatı, 2017-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib, Neft Fondunun 2017-ci il büdcəsinin icrası layihəsinin və ARDNF-in 2018-ci il büdcəsindəki dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.