logo

Cənub Qaz Dəhlizi üçün yeni mənbə Rusiya qazı da ola bilər

17:02 06-07-2018 | icon 2849
Cənub Qaz Dəhlizi üçün yeni mənbə Rusiya qazı da ola bilər

Cənub Qaz Dəhlizi üçün yeni qaz mənbələrinin seçilməsi istisna edilmir. Bu, Rusiya qazı da ola bilər.

YeniAvropa  “moskva-baku.ru” portalına istinadla xəbər verir ki, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

“Cənub Qaz Dəhlizi ilə yeni potensial mənbələrdən qaz nəqli imkanı var. Biz dəfələrlə bu barədə danışmışıq və Azərbaycan qaz ilə yanaşı Cənub Qaz Dəhlizi sisteminə əlavə olaraq qazı yeni mənbələrdən cəlb etmək istəyirik. Əlbəttə ki, ilk növbədə Azərbaycanın “Şahdəniz” yatağından savayı öz potensialını müzakirə edirik. Bunlar “Abşeron” yatağı, “Ümid” və “Babək”dir. Bütün bunlar Cənub Qaz Dəhlizi üçün Azərbaycanın digər qaz mənbələri olacaq”, - deyə o bildirib.

V.Bəylərbəyov Cənub Qaz Dəhlizi üçün yeni potensial mənbələrin Yaxın Şərq, Orta Asiya və ya Şərqi Aralıq dənizindən ola biləcəyini deyib: “Bu, Rusiya qazı da ola bilər, biz bu barədə heç bir istisna və ya ayrı-seçkilik etmirik. Bütün istehsalçılar və ya qazı olanlarla iş görməyə hazırıq. Bu əməkdaşlığın şərtləri çox sadədir: təchizatçı qanuni və sistemimizdən istifadə etməkdə maraqlı olmalıdır. Ticarət müqavilələri üçün başqa bir məhdudiyyətimiz yoxdur”.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, CQBKG, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.

“Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonuna həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub.

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Layihə üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 94,8 faizi, TAP-la bağlı isə 74,6 faizi yerinə yetirilib.