İyulun 3-də saat 17:30-da Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətindən və saat 18:14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində 11 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt şəhər polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və DİN-nin Sumqayıt şəhər polis şöbəsinin əməkdaşları həmin ərazidə dəniz sahilinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 14 ədəd top mərmisi (11 ədəd 85 millimetrlik O-365 və 3 ədəd 100 millimetrlik OF-415) aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin tapıldığı yerin ətrafında 2 min kvadratmetr əraziyə (500 kvadratmetr yeraltı və 1 500 kvadratmetr yerüstü) baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1–dən iyulun 3-dək ANAMA tərəfindən ümumilikdə 3558 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə dörd mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 99 min 735 kvadratmetr ərazi yoxlanılıb.