Hazırda SOCAR-ın müəssisələrinin iş rejimi normal vəziyyətdə davam edir. YeniAvropa xəbər verir ki, bu haqda SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsindən bildirilib.
Qeyd edilib ki, respublikanın energetika sistemində baş vermiş qəza ilə əlaqədar olaraq SOCAR-ın quru mədənlərində iş rejimi müvəqqəti olaraq pozulub. Qaz İxrac İdarəsinin Kompressor stansiyalarının, Neft Emalı Zavodu, “Azərikimya” İstehsalat Birliyinin müəssisələri, Qaz Emalı Zavodunda elektrik enerjisinin kəsilməsi nəticəsində müəssisələrin fəaliyyəti qəza rejimində dayandırılıb. Səhərə yaxın elektrik enerjisinin təchizatı bərpa olunduqdan sonra Qaz anbarları, Qaz İxrac İdarəsinin Kompressor stansiyaları, Neft Emalı Zavodu və “Azərikimya” İB-in müəssisələrinin bütün qurğuları tədricən işə salınıb. Hazırda SOCAR-ın müəssisələrinin iş rejimi normal vəziyyətdə davam edir.
Xatırladaq ki, hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmış və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.