Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 20-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.
YeniAvropa xəbər verir ki, qəbul zamanı Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarından olan sakinlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.
Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət etməklə və 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq iyulun 17-dək qəbula yazıla bilərlər.
Vətəndaşlar və qəbula yazılan şəxslər əvvəlcədən tərtib edilmiş siyahı əsasında qəbul ediləcəklər.