logo

Gələn həftə “Şahdəniz-2”dən ilk kommersiya qazının nəqlinə başlanacaq

16:53 28-06-2018 | icon 2527
Gələn həftə “Şahdəniz-2”dən ilk kommersiya qazının nəqlinə başlanacaq

Gələn həftə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq ilk kommersiya qazının nəqlinə başlanılacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə "BP"nin baş icraçı direktoru Robert Dadli 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində şirkətin Vaşinqtondakı mənzil-qərargahında Cənub Qaz Dəhlizinə həsr olunan tədbirdə deyib.

O bildirib ki, Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji layihələrindən biridir və o, qaz axınına hazırdır.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərləri daxildir.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizi icra edilib.

İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib. Həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar, dəyəri 4,6 milyard dollar olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2 milyard dollar, TANAP-a 5,4 milyard dollar, TAP layihəsinə isə 2,9 milyard avro sərf olunub.