logo

Axtarışda olan şəxsdən narkotik vasitə və silah tapılıb

12:34 27-06-2018 | icon 2317
Axtarışda olan şəxsdən narkotik vasitə və silah tapılıb

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri qətiyyətlə davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4,5 kiloqramadək müxtəlif növ narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb. Həmçinin yabanı halda bitmiş, çəkisi 4 tona yaxın olan 6 minədək çətənə kolu məhv edilib.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yasamal rayonu ərazisində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Həsənovdan 3 qrama yaxın heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə polis əməkdaşları tərəfindən onun Sabunçu rayonunun Nardaran qəsəbəsindəki evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 510 qram heroin götürülüb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini Mehman Süleymanovun həyətindəki yarımtikilidən kultivasiya yolu ilə yetişdirilmiş 7 çətənə kolu, 2,7 kiloqram marixuana, habelə müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng aşkarlanaraq götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Əhmədbəyli kənd sakini Vəfadar Namazovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 20 çətənə kolu götürülüb.

Xəzər rayon Polis İdarəsinin əməkdaşları Türkan qəsəbə sakini Ağəli Nadirovun həyətyanı sahəsindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 51 çətənə kolu, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları Yolqulular kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Rəcəbovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 14 çətənə kolu, evindən isə 25 qrama yaxın marixuana götürüblər.

Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları Nic qəsəbəsi ərazisindən yabanı halda bitmiş, çəkisi 4 tona yaxın olan 6 min çətənə kolunu yandıraraq məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.