Gələn aydan Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.
Bildirilib ki, iyul ayının 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq. Avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-dır. Avtobusların Batumidən yola düşmə vaxtı isə 3,5,7-ci günlər saat 10:00-da olacaq.
Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizidir. Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər.
Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə tövsiyə edilir ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün əvvəldən avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar.
Sərnişinlərin yolboyu çay və qəhvə ilə təmin olunması da nəzərdə tutulub.