Oırğızıstanın paytaxtı Bişkek şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib. YeniAvropa xəbər verir ki, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə soydaşlarımızı təbrik edib, ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında söhbət açıb.
Azərbaycanın Qırğızıstandakı səfirliyinin birinci katibi Fərhad Məmmədov bildirib ki, 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib. Sonra ulu öndər Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldıraraq bu qərarı qəbul etməyə çağırıb və dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olub.
F.Məmmədov qeyd edib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərdən biridir.
Daha sonra tədbir çərçivəsində Azərbaycanın mədəniyyəti, tarixi və iqtisadi inkişafı ilə bağlı viktorina keçirilib.
Tədbir konsert proqramı ilə başa çatıb.