logo

Nəsimi rayonunda çoxmənzilli yaşayış binasının icazəsiz tikintisinin qarşısı alınıb

10:41 20-06-2018 | icon 2170
Nəsimi rayonunda çoxmənzilli yaşayış binasının icazəsiz tikintisinin qarşısı alınıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Nəsimi rayonu ərazisində çoxmənzilli yaşayış binasının icazəsiz tikintisinin qarşısını alıb.

Komitədən YeniAvropa-ya  bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhərinin 4-cü mikrorayon sakinləri tərəfindən yaşadıqları binanın həyətində 16 mərtəbəli binanın qeyri-qanuni tikintisinin başlanması ilə bağlı müraciət daxil olub. Müraciətə əsasən, komitənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərək müəyyənləşdirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2, 3A, 4 və 5A nömrəli 5 mərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə “Komfort Plaza” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 mərtəbəli yaşayış binasının tikintisinə hazırlıq işlərinə başlanılıb.

Aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanda yaşayış binasının layihələndirilməsi üçün 0,08 hektar torpaq sahəsi ayrılsa da, tikintiyə icazə proseduru başa çatdırılmayıb və tikintiyə icazə verilməyib.

Bununla yanaşı, “Komfort Plaza” MMC-nin əməkdaşları tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərinə yerində təqdim olunmuş ərazi planlaşdırma sənədlərinin Azərbaycan Respublikasının müvafiq şəhərsalma qanunvericiliyinə zidd tərtib olunduğu müəyyənləşdirilib.

Belə ki, ərazidə yerləşdirilməsi nəzərdə tutulan 16 mərtəbəli yaşayış binası miqyasına görə mövcud 5 mərtəbəli yaşayış binalarına uyğun deyil, habelə binada mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları, yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması ilə bağlı və digər tələblərə riayət olunmayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.1.2-ci bəndini rəhbər tutaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2 nömrəli binanın qarşısında çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə icrası məcburi olan “Göstəriş” göndərilib. Eyni zamanda, həmin ünvanda tikinti məqsədləri üçün aparılan hazırlıq işlərinin dayandırılmasını təmin etmək məqsədilə məsələ ilə bağlı məlumat Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilib.