Gəncənin Hacıkənd qəsəbəsində yeni “Nizami Gəncəvi: sələflər və xələflər” parkının açılışı olub.
YeniAvropa xəbər verir ki, parkda Nizami Gəncəvi başda olmaqla Gəncə mühitinin yetişdirdiyi şair, yazıçı və öz dövründə hünər sahibi olmuş şəxslərin heykəlləri ucaldılıb. Arasında Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Əbül-Üla Gəncəvi, Qivami Gəncəvi, Usta Bəndər, Şeyx Zaman, Doktəri Xətibi Gəncəvi, Əfrasiyab və Ömər Gənci kimi tarixi şəxsiyyətlərin olduğu ümumilikdə 17 abidə var. Abidələrin müəllifi heykəltəraş Asəf Həsənovdur.
Açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, parkın salınması Azərbaycan, xüsusi ilə də Gəncənin mədəniyyəti, tarixi və ədəbiyyatının tanıdılması baxımından böyük önəm kəsb edir: ”Park daha da genişləndiriləcək. Ərazidə yeni muzey inşa olunacaq ki, burada da sələflər və xələflərin hər biri haqqında geniş məlumat öz əksini tapacaq. Həmçinin muzeydə qeyd olunan dövrü özündə əks etdirən eksponatlar sərgilənəcək”.
Qısa zamanda parkda heykəli ucaldılan şəxsiyyətlər barədə ayrıca monoqrafiyaların çap olunması da nəzərdə tutulur.
Tədbirin sonunda “Sələflər və xələflər” parkının inşasında göstərdikləri xidmətlərə görə bir qrup şəxsə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli xatirə hədiyyələri təqdim olunub.(Report)