Qəribəsi isə odur ki, öz mənfəətləri xatirinə şəhərin adi sakinlərini həyasızcasına sıxışdıran, banklarda milyonları olan bu şəxslərin hərəkətlərinə nə hakimiyyət, nə də hüquq-mühafizə orqanları heç bir reaksiya vermir. Bu bir yana, icra hakimiyyətləri imarətlərin, pullu dayanacaqların, çoxmərtəbəli özəl binaların tikintisinə icazələri sakitcə paylayırlar. Bundan zərər görən isə yalnız ayrı-ayrı şəxslər deyil, həm də bütün şəhərdir, ümumilikdə onun əhalisidir. Onsuz da az olan istirahət yerləri yoxa çıxır, ağaclar və kollarla əhatələnmiş uşaq meydançalarına getdikcə daha az rast gəlinir. Səbəb isə bunları ələ keçirən və yerlərində yeni-yeni restoranlar tikənlərdir. Sözün əsl mənasında şəhər keçəlləşir: yaşıllıqlar azalır, toz çoxalır, deməli, nəfəs almaq çətinləşir.
Nəsimi rayonunda, 5-ci mikrorayonda yerləşən 18, 22 və 24 saylı binaların arasında uşaqlar üçün daha bir meydança və 20-yə yaxın ağac yoxa çıxıb – burada “TFM smart projekt” MMC-dən olan vandallar tikinti işlərinə başlayıbar. Buradakı sakinlərin əvvəllər necə yaşadıqlarını unutmaları və şikayət barədə düşünməmələri üçün inşaatçılar onlara Çin işgəncəsi verirlər – yuxudan məhrum edirlər. Hələ xəbərdarlıq da ediblər – etiraz etmək fikrinə düşsələr, həyatları daha dözülməz olacaq.
“Səs-küyün ölçülməsi üçün nə İcra Hakimiyyətinə, nə polisə, nə də sanitariya-epidemiologiya mərkəzinə etdiyimiz kollektiv müraciətlərin heç bir faydası olmayıb. Necə olursa, inşaatçılar bütün bu instansiyalarla “razılaşa” bilirlər. Gecələrimiz beləcə tikinti texnikasının səs-küyü və bir-birləri ilə söhbət edən fəhlələrin səsi ilə keçir. Tikinti şirkətini gecə vaxtı işə fasilə verməyə razı sala bilmirik...” – soyadı Qarayeva olan yerli sakin gileylənir.
Nəzərə almaq lazımdır ki, buradakı binalarda qocalar, xəstələr, körpə uşaqlar yaşayır. Tikintidə işləyənlər isə onların iradlarına ya özlərinin kiçik adam olmaları və heç bir şeyə güclərinin çatmamaları ilə, ya da söyüb qovmaqla cavab verirlər.
Ümumiyyətlə, yaşayış massivində iş şərtləri ilə bağlı tikinti norma və qaydalarının, deyəsən, “TFM smart projekt” MMC-yə heç bir aidiyyatı yoxdur. Sanitar normalara görə isə, yaşayış evlərinin yaxınlığında yol verilən səs-küyün yüksəkliyi saat 7-dən 23-ə qədər 55 desibeldən, gecələr isə 45 desibeldən artıq olmamalıdır. Vətəndaşlar bu normaların pozulduğunu güman edirlərsə, hüquq-mühafizə orqanlarına müraciət etməkdə haqlıdırlar və bu müraciətə reaksiya verilməlidir.
Virtualaz.org-un əməkdaşları “TFM smart projekt” MMC-nin işçilərini başa salmağa çalışıblar ki, bu cür qanun mövcuddur və ona riayət edilməlidir. Lakin buna cavab kimi yalnız təhqir və söyüş səslənib.
Yalnız əməkdaşlarımızın FHN-ə müraciət edərək, nazirliyin əməkdaşlarını dəvət etməsindən sonra inşaatçılar işlərini dayandırmalı olublar. Bununla belə, özünü Namiq kimi təqdim etmiş şirkət əməkdaşı jurnalistə hədə-qorxu gəlməkdən əl çəkməyib.
Yeri gəlmişkən, yorulub əldən düşmüş sakinlər özləri də müxbirimizi ehtiyatlı olmağa çağırıblar: sən demə, tikintinin arxasında Milli Məclisin deputatı Madər Musayev və Fədai adlı tikinti baronu durur...
Virtualaz.org