Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində qeydə alınıb. Göyçay sakini, 1970-ci il təvəllüdlü taksi sürücüsü Çingiz Eminov idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərəkən qaranlıqda qəflətən yoluna çıxan 2 baş inəyi vurub. Zərbə nəticəsində avtomobil aşıb.
Qəza zamanı sürücü və adı hələ ki, məlum olmayan bir sərnişin hadisə yerində ölüb, biri uşaq olmaqla 4 nəfər ağır xəsarət aldığı üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, ağır xəsarət alan Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Vətənxan Gülçöhrə İlham qızı, onun azyaşlı oğlu, 2013-cü il təvəllüdlü Vətənxan Kamal Nejdət oğlu, 1993-cü il təvəllüdlü Abışova Nərmin Aqil qızı və bacısı, 1992-ci il təvəllüdlü Abışova Bəyim Aqil qızı cərrahiyə və reanimasiya şöbələrinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Bəyim Abışovanın həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.