logo

Sabah Bakıda 30° isti olacaq

14:36 14-06-2018 | icon 2387
Sabah Bakıda 30° isti olacaq

Azərbaycanda iyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Temperaturun gecə 17-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim cənub küləyi əsəcək. Dəniz suyunun hərarəti 21-22° isti olacaq.

Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil, Şıxda mülayim cənub küləyi əsəcək. Dəniz suyunun hərarətinin 22-23° isti olacağı ehtimalı var.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbərdarlığa görə, iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Temperaturun gecə 13-18° isti, gündüz 28-33° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Temperaturun gecə 9-14° isti, gündüz 17-22° isti olacağı bildirilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Temperatur gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

Temperaturun gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Temperaturun gecə 15-20° isti, gündüz 29-34° isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Temperaturun gecə 17-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacağı bildirilir.

Xəbərdarlığa görə, iyunun 16-sı axşamdan 19-u gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi proqnozlaşdırılır.