İyunun 14-də 2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI sinfini bitirən 83.001 şagird üçün “son zəng” çalınır.
YeniAvropa xəbər verir ki, cari tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX sinfini 111.257, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 şagird bitirir.
2017-2018-ci tədris ilində respublika üzrə 4442 ümumtəhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93.960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi gözlənilir. 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin birinci siniflərinə 165.780 uşağın qəbulu proqnozlaşdırılır.
Təhsil naziri Ceyhun Bayramov “son zəng” tədbiri haqqında əmr imzalayıb. Əmrə əsasən, “son zəng” tədbirləri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. Sənəddə məktəb rəhbərlərinə “son zəng” tədbirlərinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının dəvət olunması tövsiyə edilib.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrinin rəhbərləri tərəfindən “son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi məsələləri də əmrdə əksini tapıb.