Ələt-Astara magistral avtomobil yolunun Salyandan keçən hissəsində Kür çayı üzərindəki körpüdə əsaslı təmir işlərinə başlanılıb. Təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti ilə aparılır.
YeniAvropa xəbər verir ki, körpü 25 il bundan əvvəl tikilib istifadəyə verilib və bu ilin iyun ayının 1-dən əsaslı təmirə dayandırılıb. Süni qurğular üzrə sahə rəisi Sərdar Eyvazov bildirib ki, körpü təmirə dayandığından nəqliyyat vasitələri Ələt-Astara magistralının 54-cü kilometrliyində inşa olunmuş körpüdən və Salyan-Babazənən körpüsündən alternativ yol kimi istifadə edirlər. Uzunluğu 316, piyada keçidləri ilə birlikdə eni 12 metr olan körpü 6 aşırımlıdır. Körpüdə əsaslı təmir işləri aparmaq üçün əraziyə lazımi qədər texnika və canlı işçi qüvvəsi cəlb olunub. Hazırda körpünün üzərindəki köhnə asfalt qatı texnikalar vasitəsilə çıxarılır, digər tərəfdə isə alt hissədə dayaqların hazırlanması üçün qaynaq işləri görülür və dayaqlar quraşdırılır. Həmin dayaqlar quraşdırılıb başa çatdıqdan sonra körpünün tirləri qaldırılacaq və gücləndirmə işləri aparılacaq. Körpüdə, həmçinin gərginliyi təmin etmək üçün troslar da quraşdırılacaq. Bu işlər başa çatdırıldıqdan sonra körpünün üst qatına asfalt örtüyü vurulacaq, ətraf ərazilər abadlaşdırılacaq, yaşıllıqlar salınacaq.
Təmir işlərinin bu ilin sonuna başa çatdırılması nəzərdə tutulub.