Bakının Nəsimi və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə diametri 530 millimetrlik qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, daşıyıcı qaz xəttinin kipliyə sınaq olunması və daşıyıcı xətt üzərində quraşdırılmış diametri 200 millimetrlik siyirtmənin təmiri ilə əlaqədar iyunun 13-də saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonunun Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən, Biləcəri qəsəbələrinin və Motodrom adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Xətai və Yasamal rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin olunacaq. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.