logo

Gələn həftə Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olacaq

18:56 12-06-2018 | icon 2555
Gələn həftə Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olacaq

İyunun 22-də Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan Ticarət Evi açılacaq. YeniAvropa xəbər verir  ki, bu haqda Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Qeyd edilib ki,  Azərbaycan Ticarət Evinin açılışında iştirak etmək üçün Azərbaycandan rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə həyəti Ukraynaya səfər edəcək. 

Açılış mərasimində Azərbaycanın şərab və digər məhsulları təqdim ediləcək.

Azərbaycan Ticarət Evinin açılış mərasimi zamanı, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və "Ukrayna Şərab İnstitutu" Elmi Mərkəzi arasında elmi və texniki əməkdaşlıq haqqında müqavilə imzalanacaq.

Qeyd edək ki, artıq Azərbaycanın Belarusda Ticarət Evi fəaliyyət göstərir və indiyədək bu ticarət evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları, zeytun yağı, nar şirəsi və çay ixrac edilib.

Hazırda Azərbaycanın BƏƏ, Çin və Rusiyada Ticarət evlərinin açılması imkanları araşdırılır.