logo

Güclü külək Göyçayda binaların dam örtüyünü dağıdıb

16:58 25-12-2017 | icon 2247
Güclü külək Göyçayda binaların dam örtüyünü dağıdıb

Göyçay rayonunda bu gün səhər saatlarından başlayaraq əsən güclü külək təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Rayon Elektrik Şəbəkəsindən YeniAvropa-ya bildiriblər ki, güclü külək nəticəsində Göyçay şəhərinin ayrı-ayrı ərazilərində, eləcə də kəndlərdə elektrik verilişində problem yaranıb. Rayon ərazisində 3/10 kilovoltluq, 3 kənddə isə hər birində 1 ədəd olmaqla 10 kilovoltluq xətlər qırılıb, 6 elektrik dirəyi aşıb. Bu səbəbdən rayon üzrə elektrik verilişi tamamilə dayanıb.

Güclü külək bir çox yerdə ağacları və rabitə dirəklərini aşırıb, naqilləri sıradan çıxarıb. Həmçinin şəhərin bir neçə küçəsində iri gövdəli ağaclar yaşayış evlərinin, yardımçı tikililərin üzərinə aşıb. Külək rayon ərazisində fərdi yaşayış evlərinin, beşmərtəbəli yaşayış binasının, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin dam örtüyünü qoparıb.

Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri ziyan çəkən ərazilərə baxış keçirir, lazımi tədbirlər görülür.